"OPEC+" Əməkdaşlıq Xartiyası üzrə işçi planının təsdiqlənəcəyi vaxt açıqlanıb
- 15 iyul, 2026
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Xartiyasının tam icrası üzrə işçi planının bu ilin dekabrında təsdiqlənməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu OPEC-in baş katibi Heysəm əl-Qaysın Bakıda keçirilən "OPEC+" Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation – CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabrında keçirilən OPEC və qeyri-OPEC ölkələrinin 40-cı Nazirlər Görüşündə OPEC Katibliyinə Xartiyanın məqsədlərinin tam həyata keçirilməsi üçün fəaliyyət planı hazırlamaq tapşırılıb:
"Bundan sonra katiblik iştirakçı ölkələrlə birlikdə Əməkdaşlıq Xartiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı hazırlayıb. Bu çərçivədə Xartiyanın idarəetmə mexanizmi və beş əsas fəaliyyət istiqaməti müəyyən edilib. Plana əsasən nazirlərin ildə azı bir dəfə – onlayn, Vyanada və ya Bakı kimi digər şəhərlərdə görüşməsi, Texniki Komitənin isə ildə azı iki dəfə toplanması nəzərdə tutulur. Xartiyanın beş əsas istiqaməti iri neft istehlakçıları ilə dialoq, neft sənayesində texnologiya, innovasiya və investisiyalar, sektora təsir edən siyasət və tənzimləmələr, neft bazarının fundamental göstəriciləri, eləcə də konsensus əsasında sənaye standartlarının hazırlanmasını əhatə edir".
Baş katib əlavə edib ki, 2026-cı il mayın 21-də keçirilən texniki görüşdə OPEC Katibliyi ilə iştirakçı ölkələr Xartiyanın aktivləşdirilməsi planı üzrə ortaq mövqeyə gəliblər: "İyunun 7-də keçirilən 41-ci Nazirlər Görüşündə isə fəaliyyət planı dəstəklənib və iştirakçı ölkələr bugünkü Texniki Komitədə təmsil olunacaq nümayəndələri müəyyən etməyi öhdələrinə götürüblər. Bu görüşlər nəticəsində Əməkdaşlıq Xartiyasının institusional çərçivəsinin yaradılması üzrə ilk mərhələ tamamlanıb. Hazırda əsas diqqət ikinci mərhələyə Xartiyanın işçi planının hazırlanmasına yönəlib. Həmin plan konkret fəaliyyət proqramlarını və görüşlərin vaxt cədvəlini özündə ehtiva edəcək. Sənədin bu ilin dekabrında nazirlər tərəfindən təsdiqlənməsi, Xartiyanın isə 2027-ci ilin yanvarından tam şəkildə tətbiqinə başlanılması planlaşdırılır. Bakıda keçirilən Texniki Komitənin ilk iclasının əsas məqsədi də məhz bu işçi planının hazırlanmasıdır. Gün ərzində OPEC Katibliyinin əməkdaşları Xartiyanın aktivləşdirilməsi planı, Texniki Komitənin işçi planı layihəsi, fəaliyyət proqramları və 2027-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan görüşlərlə bağlı təqdimatlar keçirəcəklər".