OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu yeniləyib
- 13 aprel, 2023
- 13:32
Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 48 min barel artaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprel hesabatına istinadən xəbər verir ki, fevralda əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 7 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.
"Köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir. Artım əsasən “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri hesabına proqnozlaşdırılır", - məlumatda deyilir.
OPEC qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neft hasilatı 2010-cu ildəki 820 min barel pik səviyyəsindən azalmaya doğru gedib: "Lakin “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində 2023-cü ilin dördüncü rübündə xam neft hasilatına başlandıqdan sonra hasilat artacaq".
Fevralda Azərbaycanda maye karbohidrogenlərin hasilatı aylıq əsasda 6 min barel artaraq gündəlik orta hesabla 700 min barel təşkil edib, baxmayaraq ki, bu, illik nisbətdə gündəlik 32 min barel azalmaya bərabərdir.
Rəsmi rəqəmlərə görə, xam neft hasilatı orta hesabla sutkada 537 min barel, “Şahdəniz” yatağında isə gündəlik orta hesabla 150 min barel olub.
OPEC-in hesablamalarına görə, 2022-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü 2021-ci illə müqayisədə sutkada 40 min barel azalaraq, orta hesabla sutkada 700 min barel təşkil edib.