OPEC bu il Azərbaycanda karbohidrogen hasilatı üzrə proqnozunu cüzi azaldıb
- 12 mart, 2024
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 15 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) mart hesabatına istinadən xəbər verir ki, artımın qismən “Şahdəniz”, “Abşeron” və “Ümid Babək” qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır. Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.
Proqnozlara görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin tədarükü gündəlik olaraq təqribən 10 min barel artaraq, orta hesabla 700 min barel təşkil edəcək: “AÇG və “Ümid-Babək” kimi bir sıra layihələrdən hasilatın artmasının digər köhnə yataqlardan hasilatın azalmasını böyük ölçüdə kompensasiya edəcəyi gözlənilir”.
Azərbaycanda yanvarda maye karbohidrogen hasilatının aylıq müqayisədə sutkada 8 min barel, illik müqayisədə isə 86 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 474 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 122 min barel təşkil edib.