Noyabrda Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 13 % artıb
- 20 dekabr, 2021
- 09:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin noyabr ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 17,677 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 2,084 milyon barel və yaxud 13,36 % çoxdur.
Bu ilin yanvar-noyabr ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 182,635 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin 11 aylıq göstəriciləri ilə müqayisədə 8,923 milyon barel və yaxud 4,65 % azdır.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.