"Neptun" özüqalxan qazma qurğusu dənizə yola salınıb

Energetika
  • 14 oktyabr, 2025
  • 13:09
Neptun özüqalxan qazma qurğusu dənizə yola salınıb

"Ümid" yatağının Cənub qanadında ilk qiymətləndirmə quyusunun qazılması üçün nəzərdə tutulan "Neptun" özüqalxan qazma qurğusunun modifikasiya işlərinin tamamlanması və qurğunun dənizə yola salınması mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, tədbirdə SOCAR, "Nobel Upstream", "Umid Babek Operating Company" Əməliyyat Şirkətinin (UBOC) Azərbaycandakı filialının, eləcə də "Caspian Oilfield Services" (COS) şirkətinin rəhbərləri və xidmət göstərən digər tərəfdaş şirkətlərin rəsmiləri iştirak edib.

"Neptun" qurğusu vasitəsi ilə "Ümid" yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması bu ilin oktyabr ayında planlaşdırılır. Özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq.

Eyni zamanda, bu quyu bu günədək "Ümid" yatağında qazılan ən dərin quyu hesab olunur. Quyunun layihə dərinliyi 7 067 metr təşkil edir. Quyuda qazma işlərinin tamamlanması və lay sınağına təhvil verilməsi müddəti təxminən 10 ay nəzərdə tutulub.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən "Ümid" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində, ümumilikdə 12,3 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat hasil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti