Neft hasilatının azaldılması anlaşmasının uzadılması üçün ilkin razılaşma əldə olunub
- 20 aprel, 2017
- 08:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 aprel. REPORT.AZ/ Neft hasil edən ölkələr hasilatın azaldılması barədə Vyana anlaşmasının müddətinin uzadılmasına ilkin razılıq verib. "Report" "RİA Novosti" agentliyinə istinadən bildirir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən neft konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bəyan edib.
Nazir bildirib ki, bütün ölkələr iştirak etməsə də, neft hasilatının azaldılması anlaşmasını uzadılmasına dair ilkin razılıq əldə olunub. Qeyd edək ki, 2016-cı il noyabrın 30-da neft hasil edən ölkələr neft bazarında sabitliyin əldə olunması üçün hasilatın ilin əvvəlindən başlayaraq 6 ay müddətinə azaldılmasını qərarı alıb.
Xalid əl-Falih həmçinin qeyd edib ki, anlaşmanın uzadılması müddəti önəmli deyil, əsas məqsəd bazarda balansı təmin etməkdir: "Bu, 6, 9 və ya 12 ay olacaq, fərqi yoxdur. Əsas, məqsədə nail olmaqdır".
Nazir əlavə edib ki, ilk 3 ay müddətində iştirakçı ölkələr anlaşmanın şərtlərinə əsasən yaxşı əməl edib: "Lakin biz hədəfimizə nail ola bilməmişik. Qarşıda daha vacib mərhələ gəlir".