Naxçıvandan Türkiyəyə 75 MVt gücündə elektrik enerjisi ixrac ediləcək
- 20 oktyabr, 2022
- 08:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvandan Türkiyəyə 75 MVt gücündə elektrik enerjisi ixracı ilə bağlı iki ölkə arasında müvafiq razılaşmalar əldə edilib.
“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr “Energetiklər günü” ilə əlaqədar rəsmi qəzetdə dərc edilən məqaləsində bildirib.
Onun sözlərinə görə, bu prosesin həyata keçirilməsi üçün Avropa Elektrik Enerjisi Ötürülüməsi Sistem Operatorları Şəbəkəsindən (European Association for the Cooperation of Transmission System Operators – ENTSO) müvafiq icazələr alınıb: “Eyni zamanda, Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi üzrə də tədbirlər görülür. Bu istiqamətdə “Cəbrayıl” enerji qovşağının yaradılması ölkəmizin ixrac potensialının gücləndirilməsinə mühüm təsir göstərəcək addımdır. Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlverişli çıxış əldə etmək, 1 000 meqavat yükötürmə qabiliyyətinə malik olmaqla ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvanı ölkəmizin ümumi enerji sisteminə qoşmaq, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisisteminə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi strateji əhəmiyyətli hadisədir”.
Nazir bildirib ki, bu layihə çərçivəsində birinci mərhələdə istismar müddəti başa çatan və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyaları genişləndirilərək tamamilə yenidən qurulacaq: “Hazırda bu yarımstansiyalardan Cəbrayıla yüksəkgərginlikli 330 kilovoltluq ötürmə xətti çəkilir və “Cəbrayıl” qovşaq yarımstansiyası tikilir. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə Naxçıvan ərazisində 255 kilometr məsafədə ikidövrəli 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq yarımstansiya tikiləcək”.
P. Şahbazov qeyd edib ki, üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcək”.
Qeyd edək ki, “Cəbrayıl” Qovşaq Yarımstansiyasının təməli 4 ay əvvəl qoyulub. Yarımstansiyada böyük həcmdə torpaq, tikinti-quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.