Nazir: "Bakı Enerji Forumu Somali və Azərbaycan arasında tərəfdaşlığı gücləndirəcək"
- 03 iyun, 2025
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Enerji Forumu Somali və Azərbaycan arasında enerji əməkdaşlığını gücləndirmək üçün mühüm platforma olacaq.
“Report” xəbər verir ki, bu barədə Somalinin energetika və su ehtiyatları naziri Abdullah Bidhaan Varsame 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
"Milli transformasiya planına əsaslanaraq, Somali elektrik enerjisinə çıxışın genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin potensialından istifadə və iqlim dayanıqlılığının gücləndirilməsi üçün irimiqyaslı təşəbbüslər həyata keçirir", - nazir qeyd edib.
O bildirib ki, bu səylər çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsinin inkişafı, potensialın artırılması və bilik mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalayıb.
"Əminəm ki, Bakı Enerji Forumu qlobal texniki, maliyyə və siyasi tərəfdaşlarla əməkdaşlıq üçün strateji platforma təqdim edəcək. Bu, Somalinin enerji sektorunda islahatları, davamlı və inklüziv enerji gələcəyinin təmin edilməsi istiqamətində səylərimizi dəstəkləyəcək", - A.Varsame əlavə edib.
Nazir həmçinin bildirib ki, Somalidə ən azı 800 meqavat bərpa olunan enerji istehsal edəcək günəş elektrik stansiyası inşa edilib.
"Biz bu istiqamətdə irəliləməyə davam edəcəyik, çünki bərpa olunan enerjini qalıq yanacağa nisbətən daha prioritet hesab edirik. Məqsədimiz "yaşıl enerji"nin inkişafına investisiya cəlb etməkdir. Somali bunun üçün bütün lazımi resurs və potensiala malikdir. Ölkə bərpa və institusional quruculuq dövrünü yaşayır, enerji sahəsində islahatlar isə milli inkişaf strategiyamızda mərkəzi yer tutur", - o vurğulayıb.