Nazir: "Azərbaycan və Türkiyə elektrik enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir"
- 11 sentyabr, 2026
- 14:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Türkiyə neft və qaz sektorunda uğurlu əməkdaşlığını elektrik enerjisi sahəsi istiqamətində inkişaf etdirməyi hədəfləyir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Bu gün Azərbaycan-Türkiyə Enerji Forumu platformasından istifadə edərək, enerji sahəsində bugünkü işlərimizi də davam etdirməyə çalışırıq. Amma bununla yanaşı gələcəyə də baxırıq. Yeni elektrik erasının başlaması nəticəsində bundan sonra istər rəqəmsallaşma, istər süni intellektin inkişaf etdirilməsi üçün böyük həcmdə elektrik enerjisi tələb olunacaq. Odur ki, bu sahədə böyük planlar qururuq. Biz tək elektrik enerjisinin istehsalı deyil, eyni zamanda elektrik enerjisi üçün bağlantıları müzakirə edirik", - o vurğulayıb.
Nazir əlavə edib ki, Bakı ilə Ankara öz ölkələrinin əraziləri vasitəsilə böyük bir bölgədə - Avrasiya ölkələri arasında bağlantı qurmağı hədəfləyir: "Buraya bu gün bizim Azərbaycanla Türkiyə arasında müzakirə etdiyimiz layihələr, istər Azərbaycanın Naxçıvan bölgəsi ilə Türkiyə arasında olan elektrik bağlantısı, istər Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan elektrik bağlantısı, istər isə yeni başladığımız və müzakirə etdiyimiz Türkiyənin də bundan sonra cəlb edilməsi planlarını özündə əks etdirən Qara dəniz üzərindən gedən elektrik bağlantılar daxildir. Bunlar hamısı həm bərpa olunan elektrik enerjisini, həm də ümumiyyətlə elektrik enerjisini bundan sonra uzaq məsafələrə, bizim üçün maraq kəsb edən regionlara ötürməyə imkanlar yaradacaq".