Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı görüləcək işlər açıqlanıb

Energetika
  • 20 oktyabr, 2025
  • 11:41
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı görüləcək işlər açıqlanıb

Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı və şəbəkəyə qoşulma imkanlarının qiymətləndirilməsi məqsədilə hər iki ölkənin birgə iştirakı ilə tədqiqatlar aparılır.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Onun sözlərinə görə, Azərbaycan, elektrik enerjisinin Naxçıvandan birbaşa Türkiyəyə, oradan isə Avropaya ötürülməsi ilə yanaşı, Zəngəzur dəhlizi vasitəsilə Ermənistan üzərindən nəql perspektivinə də malikdir: "Bu təşəbbüs yalnız Naxçıvanın elektroenergetika sistemini ölkənin enerji şəbəkəsinə birləşdirmir, eyni zamanda "Azərbaycan (Naxçıvan MR) - Türkiyə - Avropa Enerji Qovşağı" layihəsinin reallaşması baxımından da strateji əhəmiyyət kəsb edir. Layihə çərçivəsində Naxçıvanda 400/330/110/35/10 kV-luq çevirici yarımstansiyanın, 330 kV-luq "Cəbrayıl-Naxçıvan" və 400 kV-luq "Naxçıvan-Türkiyə" elektrik verilişi xətlərinin tikintisi üzrə hazırlıq və mühəndislik işləri həyata keçirilir".

O qeyd edib ki, Cəbrayıl enerji qovşağını Naxçıvanla birləşdirən infrastruktur sayəsində bu strateji bölgələr nəinki inteqrasiya olunacaq, həm də ölkənin "yaşıl enerji" təchizat siyasətini daha balanslı və dayanıqlı edəcək: "Davamlı sülhün təminatında mühüm elementlərdən biri olan regional bağlantılar amili Zəngəzur dəhlizinin timsalında, ölkəmizin digər bölgələrindən, Xəzər dənizindən və Mərkəzi Asiyadan "yaşıl enerji"nin nəqli üçün marşrutları və bazarları şaxələndirərək, Azərbaycanı regionun əsas enerji nəqliyyat qovşaqlarından birinə çevirəcək. Bu dəhliz də daxil olmaqla ölkəmizdə bərpa olunan enerjinin regional xarakterli növbəti inkişaf mərhələsi Xəzər dənizinin zəngin külək enerjisi potensialının reallaşdırılmasına və Azərbaycan vasitəsilə Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyə və Avropanı birləşdirən "yaşıl enerji" dəhlizlərinin yaradılmasına əsaslanır. Bu layihələr ölkəmizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək, Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının qiymətləndirilməsi istiqamətində ölçmə və müşahidə işləri aparılır, müvafiq dəniz akvatoriyalarının bərpa olunan enerji zonaları kimi müəyyənləşdirilməsi üzrə fəaliyyətlər davam etdirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti