"Moody"s" "Cənub Qaz Dəhlizi"nə investisiya reytinqi verib

Energetika
  • 04 iyul, 2025
  • 16:03
Moodys Cənub Qaz Dəhlizinə investisiya reytinqi verib

"Moody"s" beynnəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada olan kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə qaldıraraq, şirkətə investisiya reytinqi verib.

"Report" xəbər verir ki, bu barədə agentliyin Azərbaycanla bağlı yeni reytinq açıqlamasında bildirilir. Reytinq üzrə proqnoz "müsbət" olaraq təsdiqlənib.

"Moody"s" qeyd edir ki, reytinqin artırılması qərarı şirkətin maliyyə dayanıqlığının möhkəmlənməsi, dövlət dəstəyinin yüksək səviyyəsi və layihənin regional enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini əks etdirir.

"Cənub Qaz Dəhlizi"nin reytinqi, Azərbaycanın suveren kredit reytinqinin "Ba1" səviyyəsindən "Baa3"ə yüksəldilməsi ilə eyni gündə baş verib. "Moody"s" ilk dəfə olaraq Azərbaycana investisiya reytinqi verib. Reytinq üzrə proqnoz "müsbət" olaraq saxlanılıb.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" ölkə Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,"Şahdəniz" qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dollarıdır. Şirkətin səhmlərinin 49%-i İqtisadiyyat Nazirliyinə, 51%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

44 - Tezliklə