Moldova Azərbaycanla neft məhsulları və qaz idxalını, BOEM sahəsində əməkdaşlığı müzakirə edib

Energetika
  • 02 iyun, 2026
  • 12:06
Moldova Azərbaycanla neft məhsulları və qaz idxalını, BOEM sahəsində əməkdaşlığı müzakirə edib

Moldovanın Energetika Nazirliyi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə neft məhsullarının və təbii qazın rəqabətli şərtlərlə bu ölkəyə tədarükü üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Moldovanın Energetika Nazirliyinin məlumatında bildirilib. Müzakirələr Moldovanın energetika naziri Dorin Junqietu Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR rəhbərliyinin nümayəndələri ilə keçirilən görüşdə baş tutub.

D.Junqietu Azərbaycan nümayəndələri ilə danışıqlar zamanı bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq və strateji regional layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə edib.

"Tərəflər SOCAR ilə respublikanın enerji sektoruna Azərbaycan investisiyalarının cəlb edilməsi imkanlarını nəzərdən keçiriblər", - məlumatda bildirilib.

Azərbaycan tərəfi ilə "yaşıl enerji" sahəsində regional layihələr, o cümlədən Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan Yaşıl Enerji Dəhlizi müzakirə edilib.

"Moldova Avropa standartlarına uyğun həyata keçirilən layihələrə, o cümlədən enerji səmərəliliyi, istilik təchizatı sistemlərinin modernləşdirilməsi və innovativ enerji texnologiyalarının tətbiqi sahəsində investisiyaların cəlb edilməsinə marağını bir daha təsdiqləyib", - məlumatda deyilir.

D.Junqietu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə də iştirak edib.

"Davamlı və şaxələndirilmiş enerji gələcəyinin qurulmasında beynəlxalq əməkdaşlığa həsr olunmuş plenar sessiyada nazir Moldovanın enerji təhlükəsizliyinin gücləndirilməsi və tədarük mənbələrinin şaxələndirilməsi sahəsindəki təcrübəsini təqdim edib", - nazirlikdən bildirilib.