MOL-un investisiyalarının 39 %-i Azərbaycana yatırılıb
- 12 may, 2025
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübündə Macarıstanın MOL şirkətinin dünyada (Macarıstan, Xorvatiya, İraq Kürdüstanı, Pakistan, Azərbaycan və s.) "upstream" sektorunda layihələrə əsaslı xərclərinin ümumi məbləği 61,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % azdır.
"Report" şirkətin hesabatına istinadən xəbər verir ki, ümumi kapital qoyuluşunda 24,1 milyon ABŞ dolları Azərbaycanda istifadə olunub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 27,4 % azdır. Bu məbləğin 19,4 milyon ABŞ dolları işlənməyə, 3,6 milyon ABŞ dolları kəşfiyyata, 1,1 milyon ABŞ dolları isə digər xərclərə yönəldilib.
Şirkətin bütün investisiyalarının 39,1 %-i Azərbaycana kapital qoyuluşlarının payına düşüb. Beləliklə, 2025-ci ilin yanvar-mart aylarında MOL-un kapital qoyuluşunun həcminə görə birinci yerdə Azərbaycan , ikinci yerdə Macarıstan (17,3 milyon ABŞ dolları), üçüncü yerdə isə Xorvatiya (13,7 milyon ABŞ dolları) qərarlaşıb.
Xəbər verildiyi kimi, 2024-cü ildə MOL-un Azərbaycandakı layihələr üzrə kapital qoyuluşunun həcmi 123,8 milyon ABŞ dolları (azalma 13,5 %) təşkil edib. Bu məbləğin 114,7 milyon ABŞ dolları işlənməyə, 5,2 milyon ABŞ dolları kəşfiyyata, 3,9 milyon ABŞ dolları isə digər xərclərə yönəldilib. Ötən il şirkətin bütün investisiyalarının 54,1 %-i Azərbaycana kapital qoyuluşlarının payına düşüb.
Hazırda MOL şirkəti Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir. Həmçinin 2024-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MOL Hungarian Oil and Gas” şirkəti “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu imzalayıb.
Hazırda “MOL Group” 8 ölkədə hasilat sahəsində fəaliyyət göstərir və 9 ölkədə kəşfiyyat aktivlərinə malikdir.