MOL 2025-ci ildə Azərbaycanda karbohidrogen hasilatını 5 %-dən çox artırıb

Energetika
  • 20 fevral, 2026
  • 16:33
MOL 2025-ci ildə Azərbaycanda karbohidrogen hasilatını 5 %-dən çox artırıb

Macarıstanın MOL şirkətinin Azərbaycanda gündəlik karbohidrogen xammalı hasilatının həcmi 2025-ci ildə 13,4 min barel neft ekvivalenti təşkil edib.

Bu barədə "Report" şirkətin illik hesabatına istinadən xəbər verir ki, bu isə 2024-cü ilin göstəricisini 5,5 % üstələyir.

MOL-un məlumatına görə, bu dövrdə şirkətin ümumi orta gündəlik karbohidrogen (qaz da daxil olmaqla) hasilatı 94,7 min barel neft ekvivalenti (+0,9 %) təşkil edib. 2025-ci ildə şirkətin bütün hasilatının 14,1 %-i Azərbaycanın payına düşüb.

Ötən ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik karbohidrogen xammalı hasilatı 15,2 min barel neft ekvivalentinə (+16 %) bərabər olub. Şirkətin bu dövrdə ümumi orta gündəlik hasilatı 99,4 min barel neft ekvivalenti (+4,9 %) təşkil edib. Hesabat ilində şirkətin bütün hasilatının 15,3 %-i Azərbaycanın payına düşüb.

2026-cı il üçün MOL ümumi orta gündəlik hasilatı 95-97 min barel səviyyəsində proqnozlaşdırır.

"Mərkəzi və Şərqi Avropa ölkələrində hasilatın azalmasının qarşısının alınmasında yüksək səmərəliliyin qorunub saxlanılması, əsasən İraq və Qazaxıstandakı yataqlarda tədricən üzvi surətdə genişlənmə, eləcə də beynəlxalq portfelin digər aktivlərində hasilatın sabitləşməsi şərti ilə 2026-cı il üçün proqnoz gündəlik 95-97 min barel neft ekvivalenti səviyyəsində müəyyən edilib", - məlumatda bildirilib.

Xatırladaq ki, hazırda Macarıstan şirkəti Azərbaycanda "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi layihəsində 9,57 %, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində isə 8,9 % paya malikdir.

Bundan əlavə, 2025-ci il dekabrın 17-də SOCAR və "MOL Group" "Şamaxı-Qobustan" yatağının quruda yerləşən hissəsində kəşfiyyat və hasilat layihəsi üzrə hasilatın pay bölgüsü haqqında sazişi imzalayıb. Layihənin operatoru 65 % paya malik olan MOL-dur, SOCAR-ın payı isə 35 % təşkil edir.

Şirkət dünyanın 8 ölkəsində istehsal fəaliyyəti həyata keçirir və 9 ölkənin neft və qaz sənayesində fəal şəkildə iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti