Mənfəət neftinin və qazının satışından ARDNF-ə daxilolmalar 80 %-dən çox artıb
- 13 iyun, 2022
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) mənfəət neftinin və qazının satışından əldə etdiyi daxilolmaları 11 milyard 894 milyon 606,90 min manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib.
Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5 milyard 307 milyon 344,70 min manat və ya 80,57 % çoxdur.
Belə ki, dəyər ifadəsilə “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş mənfəət neftinin satışından 5 milyard 968,4 milyon ABŞ dolları vəsait daxil olub ki, bu da 2020-ci ilin göstəricisindən 2 milyard 445,7 milyon ABŞ dolları və ya 69,4 % çoxdur.
2021-ci il ərzində “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə edilən gəlir 302,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 79,4 milyon ABŞ dolları və ya 35,5 % çoxdur.
Ötən il “Şahdəniz” yatağı üzrə qazın satışından əldə edilən gəlir 581,9 milyon ABŞ dolları olub ki, bu da daha əvvəlki 2020-ci ilin göstəricisindən 511,4 milyon ABŞ dolları və ya 8,2 dəfə çoxdur.
Eyni zamanda, digər yataqlar üzrə əldə edilən gəlirlər 62,3 milyon ABŞ dolları təşkil edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 45,5 milyon ABŞ dolları və ya 3,7 dəfə çoxdur.
Qeyd edək ki, Neft Fondunun 2021-ci ilin büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 40 ABŞ dolları proqnozlaşdırılıdığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 65,4 ABŞ dolları təşkil edib.