Meksika Neft İnstitutunun SOCAR-la perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib

Energetika
  • 01 iyun, 2018
  • 05:29
Meksika Neft İnstitutunun SOCAR-la perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib
socar.az

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev 25-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” şirkətə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Meksika neftçiləri arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bildirilib ki, Meksika Neft İnstitutu uzun illərdir ki, köhnəlmiş yataqların işlənməsi və bu yataqlarda hasilatın sabit saxlanılması istiqamətində elmi araşdırmalar həyata keçirir. Hasilatda neftvermə əmsalının artırılması Azərbaycanda uzun illərdir istismar edilən yataqlarda hasilatın sabit saxlanılması baxımından həmçinin böyük önəm kəsb edir. 

Görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın qurulması, həmçinin SOCAR-ın təlim mərkəzlərinin fəaliyyətində müxtəlif əməkdaşlıq imkanlarından, o cümlədən hasilat və emal sənayesi üçün operatorların sertifikatlaşdırılması haqqında söhbət açılıb. 

Tərəflər akademik hərəkətlilik, təcrübə mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi üçün əməkdaşlıq yollarının qurulmasını vacib hesab ediblər. 

Xatırladaq ki, 1965-ci ildə yaradılmış Meksika Neft İnstitutu neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir. Əsas fəaliyyət sahəsi: texnoloji tədqiqat və inkişaf (R&D), mühəndislik və texniki xidmət, tədris və təlimlərin keçirilməsi (treyninq), texnoloji tədqiqat və inkişaf nəticələrinin kommersiyalaşdırılması, strateji və texnoloji birgə müəssisələrdə iştirak. Məramı - neft sənayesinin inkişafına töhfə verən texnologiya və xidmətlərlə dünya səviyyəli bir ictimai araşdırma mərkəzi olmaqdır. Meksika Neft İnstitutu hazırda "Pemex" şirkəti ilə sinerji yaradıb.