"Masdar": Biləsuvar GES Azərbaycanın enerji sisteminin transformasiyası üçün əhəmiyyətli layihədir

Energetika
  • 02 oktyabr, 2025
  • 14:45
Masdar: Biləsuvar GES Azərbaycanın enerji sisteminin transformasiyası üçün əhəmiyyətli layihədir
Əbdüləziz Alobaidli

Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox əhəmiyyətli layihədir.

"Report"un Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Masdar" şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Biləsuvar GES-in ilk panelin quraşdırılması bu layihə üçün çox mühüm bir mərhələdir: "Biz "Masdar" olaraq tərəfdaşımız "SOCAR Green" ilə birlikdə bu ilk panelin quraşdırılmasından böyük qürur duyuruq. Çünki bu, Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox əhəmiyyətli bir nailiyyətdir. Bu fürsətdən istifadə edərək Azərbaycan hökumətinə, Energetika Nazirliyinə və digər nazirliklərə, həmçinin "Azərenerji"yə bizə verdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Onların dəstəyi ilə Azərbaycan üçün çox mühüm və unikal bir layihəni reallaşdırırıq".

O bildirib ki, bu, "Masdar" şirkətinin Azərbaycandakı ilk layihəsi deyil: "Biz artıq Qaradağda bir layihəni uğurla həyata keçirmişik və həmin stansiya iki ildir ki, fəaliyyət göstərir. Bu isə bizim ikinci layihəmizdir. Bundan əlavə, yaxın illərdə icra edəcəyimiz daha iki layihə üzrə də müqavilə imzalamışıq".

Xatırladaq ki, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və "yaşıl enerji" zonasının yaradılması məqsədilə Biləsuvarda gücü 445 meqavat olacaq GES-in inşası ilə əlaqədar Azərbaycan dövləti ilə "Masdar" şirkəti arasında müqavilə imzalanıb. 4 iyun 2024-cü il tarixdə isə Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabirin iştirakı ilə layihənin təməli qoyulub.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq stansiyanın inşası məqsədilə dövlət mülkiyyətində olan və rayonun inzibati sərhədləri daxilində yerləşən 1 454 hektar ərazi ayrılıb. Layihənin icrasında Çin, Türkiyə, İspaniya və digər ölkələrdən olan yüksək ixtisaslı mütəxəssislər iştirak edirlər. Eyni zamanda, Biləsuvardan olan 1 500 nəfər yerli əməkdaşın layihəyə cəlb olunması planlaşdırılır.

Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8 131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti