Macarıstan və Rumıniya Azərbaycan qazının alınması üçün danışıqlar aparır
- 13 iyul, 2022
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan və Rumıniya Azərbaycan qazının alınması üçün danışıqlar aparır.
“Report”un Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, iki ölkə sərhədlərini keçən təbii qaz kəmərinin ötürücülük qabiliyyətini ildə 3 milyard kubmetrdən çox həcmə çatdırmaq üzrə danışıqlar aparılır.
P. Siyarto izah edib ki, Rumıniya vasitəsilə idxal potensialının planlaşdırılan genişləndirilməsi təchizat təhlükəsizliyini yaxşılaşdıracaq və Yunanıstan, Türkiyə və ya Azərbaycandan mümkün gələcək idxal üçün marşrut təklif edəcək.
Bu, ötən həftənin cümə günü hər iki ölkənin baş nazirlərinin və Azərbaycanın energetika nazirinin iştirak etdiyi mərasimdə tikintisinin başa çatdığı rəsmən elan edilmiş Yunanıstan-Bolqarıstan interkonnektorundan (İGB) istifadə etmək deməkdir.
Xatırladaq ki, Rumıniyanın Baş naziri Nikolae Çuka Afinada bildirib ki, qaz bağlantısı Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir və Bolqarıstan və Rumıniya vasitəsilə Ukrayna və Moldovaya tədarük üçün istifadə edilə bilər.
P. Siyarto bildirib ki, Rumıniya və Macarıstanın təbii qaz şəbəkələrini birləşdirən interkonnektorun imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək üçün qabaqcıl müzakirələr aparılır: “Revers imkanlarına malik interkonnektor illik Rumıniyaya 2,6 milyard kubmetr, Macarıstana isə 1,7 milyard kubmetr qaz nəql edə bilər. Bu da ilkin olaraq 2,5 milyard kubmetrə, daha sonra isə 3 milyard kubmetrdən çox artacaq”.
Ancaq macar nazir layihənin vaxt qrafiki ilə bağlı təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.