Luka Şippati: “TAP tədricən ötürücülük gücünü 20 milyard kubmetrə qədər genişləndirəcək”
- 03 iyul, 2023
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın kommersiya qazını Avropaya tədarükünü həyata keçirən Trans-Adriatik Boru Kəməri (TAP) tədricən ötürücülük gücünü 20 milyard kubmetrə qədər genişləndirə bilər.
“Report”un məlumatına görə, bunu TAP Konsorsiumunun icraçı direktoru Luka Şippati (Luca Schieppati) bu gün keçirilən “Dayanıqlı Gələcək Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TAP-ın ötürücülük gücünün genişləndirilməsi yeni həcmdə hidrogen və təbii qazla qarışdırılmış digər bərpa olunan qazların nəqlinə imkan yaratmaqla İtaliya və Avropanın enerji və iqlim ambisiyalarını həyata keçirməyə kömək edə bilər.
L. Şippati xatırladıb ki, yarandığı gündən TAP Avropaya 25 milyard kubmetrdən çox qaz nəql edib: “Bunun da 21 milyard kubmetrdən çoxu İtaliyaya tədarükün təhlükəsizliyini gücləndirməyə kömək edib. TAP ilə biz nümayiş etdirdik ki, keçilən ərazilərin xüsusiyyətləri tam nəzərə alınmaqla strateji enerji infrastrukturu qurmaq olar”.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin və TAP-ın strateji əhəmiyyəti Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsini və TAP-ın imkanlarının artırılmasını nəzərdə tutan “REPowerEU” planında qəbul edilib: “2026-cı ildən etibarən mövcud olan 1,2 milyard kubmetrlə ilk genişləndirmə səviyyəsini artıq aktivləşdirilib. Uzunmüddətli müqavilələr və qısamüddətli güclərin maksimum artırılması ilə 2022-ci ildə TAP vasitəsilə qaz nəqlinin həcmi İtaliyanın istehlakının 15 %-dən çoxunu təmin edib”.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
“TAP AG” konsorsiumu boru kəmərinin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – ildə 14,4 milyard kubmetrə qədər, qismən məhdud – ildə 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrədək.