Luka Şippati: "TAP Cənub-Şərqi və Qərbi Avropanın rəqəmsal şəbəkəsinin birləşməsinə töhfə verir"

Energetika
  • 03 may, 2022
  • 11:19
Luka Şippati: TAP Cənub-Şərqi və Qərbi Avropanın rəqəmsal şəbəkəsinin birləşməsinə töhfə verir

Avropa və Şimali Amerikanı birləşdirən ən böyük xüsusi rəqəmsal infrastruktur platforması “EXA İnfrastruktur” və Azərbaycandan Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizinin bir hissəsi Trans-Adriatik Qaz Boru Kəməri (TAP) birgə müəssisənin yaradılması ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Bu barədə “Report” EXA İnfrastruktur”a istinadən xəbər verir.

Bildirilir ki, birgə müəsssisə “EXA İnfrastruktur”un Avropa şəbəkəsinin əsaslı şəkildə genişləndirilməsi çərçivəsində Fransanı Türkiyə ilə birləşdirən yeni fiber marşrutun tikintisi üçün yaradılır.

Birgə müəsssisə, 878 kilometrlik qaz kəməri ilə yanaşı TAP tərəfindən quraşdırılan fiber optik kabeldən istifadə edəcək və mövcud çoxmərhələli alternativ marşrutlar üzərində yüksək səviyyəli ehtiyat təmin etmək üçün Cənub-Şərqi və Qərbi Avropa arasında yeganə birbaşa əlaqə yaradacaq.

Qeyd edək ki, TAP 2020-ci ilin sonundan müstəqil ötürücü sistem operatorudur. Boru kəməri Yunanıstan-Türkiyə sərhədində Trans-Anadolu Boru Kəməri ilə birləşir, İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün İtaliyanın cənubunda sahilə çıxmazdan əvvəl Şimali Yunanıstan, Albaniya və Adriatik dənizindən keçir.

“EXA” TAP-ın qaz biznesindən ayrı olan fiber optik qurğularına girişi tam uzunluğu boyunca paylaşacaq. "EXA" və TAP tələb olunan icazələri almağı gözləyir və yeni sistemin fəaliyyətə başlaması 2023-cü ilin I rübündə gözlənilir. Cənub-Şərqi və Qərbi Avropa arasında möhkəm, yüksək sürətli və aşağı gecikməli bağlantı, 20 ildən artıqdır ki, qitənin şəbəkə infrastrukturunda çatışmayan halqa olaraq qalır.

Birgə müəssisə, yeni fiber optik marşrut vasitəsilə Afina, Sofiya və Tiranaya qoşulan filialları ilə "EXA"ya məxsus şəbəkə infrastrukturuna Marseldən İstanbula birbaşa bağlantı əlavə edəcək. Yeni marşrut, 36 cüt ən müasir, yüksək tutumlu G652D optic fiberə sahib olacaq.

“Bu gün təqdim etdiyimiz layihə, Şərqi və Qərbi Avropanı əsrlər boyu davam edən ticarət oxu boyunca birləşdirən yeni rəqəmsal marşrutun vacib tərkib hissəsidir. Bu birgə müəssisə, müştərilərin ən çox ehtiyac duyduğu yerlərdə ən yaxşı infrastruktur təmin etmək üçün investisiya yatırmağa davam edərkən, digər tərəfdaşlarla artırmağı düşündüyümüz şəbəkə genişləndirilmə modelidir.

Ən çox şəbəkə trafikinə malik dünyanın ən böyük təşkilatları uzun illərdir ki, Cənub-Şərqi və Qərbi Avropa arasında fiber marşrutu gözləyir.

TAP ilə razılaşmamız Avropa miqyasında kritik tələbləri olan müştərilər üçün infrastrukturumuzu daha da gücləndirilməsinə sərmayə qoymaq niyyətimizin bariz işarəsidir”, - “EXA İnfrastruktur”nun baş direktoru Martin Blanken bildirib.

TAP-ın icraçı direktoru Luca Şippati bildirib ki, əməliyyatların başlanmasından bəri bir ildən çoxdur ki, biz Avropanın enerji təhlükəsizliyini gücləndirmişik və Balkanlarda daha təmiz enerji mənbəyinin tətbiqinə nail olduq: “Bu yeni birgə müəssisə vasitəsi ilə TAP-ın Cənub-Şərqi və Qərbi Avropanın rəqəmsal şəbəkəsinin birləşməsinə töhfə verəcəyindən və təkcə TAP-ın keçdiyi ölkələrə deyil, bütün qitəyə fayda gətirəcək”.

Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

44 filmi