Lu Mey: "Azərbaycan və Çinin "yaşıl inkişaf" konsepsiyaları bir çox cəhətdən üst-üstə düşür"

Energetika
  • 08 sentyabr, 2025
  • 17:47
Lu Mey: Azərbaycan və Çinin yaşıl inkişaf konsepsiyaları bir çox cəhətdən üst-üstə düşür

Yaxın vaxtlarda Azərbaycanda 100 meqavat gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının (GES) tikintisi başlayacaq – bu, ölkədə hərracın yekunu üzrə və Çin investisiyalarının iştirakı ilə həyata keçirilən bərpa olunan enerji sahəsində ilk layihədir.

"Report" xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Çinin "yaşıl inkişaf" konsepsiyaları bir çox cəhətdən üst-üstə düşür.

"Çin texnologiyaları və avadanlıqları Azərbaycan üçün dayanıqlı inkişaf sahəsində yeni imkanlar açır. Bu, Çinin istehsal güclərinin Azərbaycanın enerji keçidi ehtiyaclarını qarşılaya bildiyini göstərir", - diplomat qeyd edib.

Lu Mey xatırladıb ki, iyun ayında Mingəçevirdə ölkənin ən böyük  - "8 noyabr" İstilik Elektrik Stansiyası istifadəyə verilib, onun üçün avadanlıqları Çin şirkətləri təchiz edib. Açılış mərasimində Prezident İlham Əliyev Çinin layihənin həyata keçirilməsinə töhfəsini yüksək qiymətləndirib və bunu beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi adlandırıb.

O, həmçinin vurğulayıb ki, Çin şirkətləri Azərbaycanda külək enerjisi sahəsində ən böyük layihə olan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisində də iştirak edirlər.

"Yaxın vaxtlarda rəsmi olaraq 100 meqavat gücündə "Qobustan" GES-in tikintisi başlayacaq, bu, Azərbaycanda Çin investisiyaları ilə hərracın yekunları üzrə həyata keçirilən ilk bərpa olunan enerji mənbələri layihəsi olacaq", - səfir bildirib.

Lu Mey həmçinin təsdiqləyib ki, yaxın gələcəkdə Azərbaycanda elektrobusların istehsalının başlanması planlaşdırılır.