Liu Çarlz Yanşen: "Azərbaycan günəş paneli istehsalı üçün konkret strategiya formalaşdırmalıdır"
- 22 sentyabr, 2025
- 18:17

Azərbaycan bazarının kiçik olması səbəbindən günəş panellərinin istehsalı üçün ölkə daha çox səylə çalışmalı və konkret strategiya formalaşdırmalıdır.
"Report" xəbər verir ki, bunu Çinin "Hao Capital" və "Star Charge International" şirkətlərinin sədri Liu Çarlz Yanşen Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.
Onun sözlərinə görə, Azərbaycanın bazar həcmi günəş panellərinin kütləvi istehsalı üçün kifayət qədər böyük deyil:
"Enerji sektorunda alternativ mənbələrin inkişafı vacib olsa da, bunun üçün ölkənin konkret hədəf və strategiyasının olması əsas şərtdir. Xüsusilə kiçik ölkələr bu sahəyə diqqət yetirməli, mövcud resurslarını düzgün istiqamətləndirməlidirlər. Çin istehsalçıları ilə rəqabət aparmaq isə olduqca çətindir. Çin şirkətləri həm qiymət baxımından daha sərfəli məhsul təklif edir, həm də texnoloji imkanlarını davamlı inkişaf etdirirlər", - deyə o qeyd edib.
L. Yanşen vurğulayıb ki, Azərbaycanın günəş panelləri istehsalına başlaması üçün daxili tələbatla yanaşı, eyni zamanda ixrac imkanları da nəzərə alınmalıdır. Onun fikrincə, alternativ enerji sahəsində inkişaf üçün daha çox istehlak yönümlü strategiya seçmək, mövcud texnologiyalardan istifadə etməklə artan tələbatı qarşılamaq məqsədəuyğundur.