“Kürovdağ” yatağında hasilat proqnozu 95 % icra edilib

Energetika
  • 06 iyul, 2024
  • 06:26
“Kürovdağ” yatağında hasilat proqnozu 95 % icra edilib

2023-cü il ərzində quruda yerləşən “Kürovdağ” yatağından 0,99 milyon barel neft hasil edilib.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Hesabata əsasən, ötən il bu yataqdan 1,05 milyon barel neftin hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 0,05 milyon barel azdır və icra vəziyyəti 95 % təşkil edib.

Qeyd edək ki, "Kürovdağ" yatağı Bakı şəhərindən 120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1997-ci il sentyabrın 1-dən müştərək müəssisə ("Shirvanoil"), 2009-cu il oktyabrın 5-dən isə əməliyyat şirkəti ("Shirvan Operating Company Limited") tərəfindən istismar edilir.

Xatırladaq ki, 2004-cü ilin sonlarında imzalanan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın "Caspian Energy Group" şirkəti ikitərəfli razılıq əsasında Azərbaycanın qurudakı "Kürovdağ" neft yatağına daxil olan blokun bərpası, istehsalı və bölünməsi üçün PSA tipli müqavilə 2008-çi ilin martında ləğv edilib. Azərbaycan parlamenti sənədi qəbul etsə də, "Caspian Energy Group" müqavilə öncəsi bəzi öhdəlikləri yerinə yetirmədi, bundan başqa PSA tipli müqavilənin bəzi şərtləri şirkəti qane etmirdi.

Tərəflər PSA müqaviləsini ləğv etmək və əvvəllər də yataqda fəaliyyət göstərən "Shirvanoil" birgə müəssisəsinin şərtləri daxilində paritet əsaslarla işləri davam etdirmək razılığına gəldilər.

Saziş sahəsi 115 km2 təşkil edir. İstismar başlayandan 2011-ci il aprelin 1-nə kimi yataqda 1 153 quyu qazılıb.

Yatağın mərkəzi hissəsi çoxlu palçıq vulkanları ilə mürəkkəbləşib ki, bu vulkanlar vasitəsilə yer səthinə qaz və neft təzahürü qeyd olunur. "Kürovdağ" neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 18 iyun 1955-ci ildə Məhsuldar Qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib. Bundan sonra mərkəzi hissədə intensiv surətdə istismar quyularının qazılmasına başlanıb.

Sonradan yatağın şimal-qərb və cənub-şərq hissələrinin neftliliyi aşkar edilib.