Koronavirus AÇG-də yeni platformanın tikintisində fasilələr yaradıb

Energetika
  • 12 may, 2020
  • 07:13
Koronavirus AÇG-də yeni platformanın tikintisində fasilələr yaradıb

2020-ci ilin birinci rübü ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 150 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 522 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 8,7%, əsaslı xərclər isə 87% çoxdur.

Bildirilib ki, rüb ərzində “Mərkəzi-Şərqi Azəri” (ACE) layihəsi çərçivəsində inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun, quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib, lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olub və bu da tikinti işlərində fasilələrlə nəticələnib. Yaşayış blokunun inşası İsveçdə davam edib.

Məlumata görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləyib: “Dayaq bloku payalarının quraşdırılması artıq başa çatıb və bu ilin sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanıb, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi - “Caspian Pipe Coating (CPC)”, müəssisəsində davam edib”.

Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

2019-cu il aprelin 19-da “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln.barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 faiz), SOCAR (25,0 faiz), “MOL Group” (9,57% 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz) pay sahibidir.

44 - Tezliklə