Konsorsium: "TAP-ın tutum tələbinin qiymətləndirilməsinin nəticələri 2024-cü ildə elan ediləcək"

Energetika
  • 18 oktyabr, 2023
  • 07:51
Konsorsium: TAP-ın tutum tələbinin qiymətləndirilməsinin nəticələri 2024-cü ildə elan ediləcək

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəmərinin (TAP) tutumunun genişləndirilməsinə hazırlıq çərçivəsində 2021-ci ildə başlanılan bazar sınağının məcburi təklif mərhələsinə oktyabrın 20-də start veriləcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TAP AG konsorsiumundan bildirilib.

Bildirilir ki, bazar sınaqları əməliyyatları TAP və qaz şəbəkəsinin operatorları tərəfindən həyata keçirilir və sınağın nəticələrinin 2024-cü ilin əvvəllərində açıqlanması nəzərdə tutulur.

Qeyd olunub ki, Avropanın enerji təhlükəsizliyini daha da dəstəkləmək üçün TAP-ın illik qaz ixracı mərhələlərlə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırıla bilər.

"TAP-ın genişləndirilməsi tələb və təklif məsələsidir. TAP-ın genişləndirilməsi imkanları açıq, şəffaf və ayrı-seçkiliyə yol verilmədən müntəzəm bazar sınaqları vasitəsilə bazara təqdim olunur. Bazar sınaqları əməliyyatları başladıqdan sonra bir ildən bir iki mərhələ üzrə həyata keçirilir. Birincisi qeyri-məcburi mərhələ, ikincisi isə məcburi mərhələdir.

2021-ci il bazar sınağının məcburi təklif mərhələsi 2023-cü il yanvarın 22-də başa çatıb. Nəticədə TAP-ın birinci səviyyəli tutumunun genişləndirilməsinə təkan verildi. Eyni zamanda, tutumun bölüşdürülməsi mexanizminə uyğun olaraq, bu ilin iyul ayının 22-də qeyri-məcburi mərhələ üzrə yeni bazar sınağına başlandı. Sınaq hazırda davam edir və ikinci məcburi fazanın nəticələrinin dərcindən sonra tutum tələbinin qiymətləndirilməsi hesabatı da dərc olunacaq”, - deyə TAP AG-dən bildirilib.

Xatırladaq ki, Azərbaycan 31 dekabr 2020-ci il tarixində Cənub Qaz Dəhlizinin (SGC) tərkib hissəsi olan TAP vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər Avropa bazarına illik 10 milyard kubmetrdən çox qazın ixracını nəzərdə tutur ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 2 milyard kubmetri isə hərəyə 1 milyard kubmetr olmaqla Yunanıstan və Bolqarıstanın payına düşür. Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Azərbaycandan İtaliyanın cənubuna qədər 3,5 min km məsafədə uzanan SGC inteqrasiya olunmuş boru kəməri sistemidir. Onun ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. SGC-nin əsas xammal mənbəyi ehtiyatı 1,2 trilyon kubmetr olan “Şahdəniz” yatağıdır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 % artım ilə) olub.

“Eurostat”ın məlumatına görə, 2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində təbii qaz idxal edib (illik müqayisədə 4 dəfə artım). Hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (3,9 dəfə artım) təbii qaz idxal edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 17,8 milyard kubmetr təbii qaz ixrac edib, bunun da 8,6 milyard kubmetri Avropaya nəql edilib.