Komanda rəhbəri: "Azərbaycanda Merlər Razılaşması təşəbbüsünə maraq artır"
- 13 fevral, 2026
- 11:55
Azərbaycanda Merlər Razılaşması təşəbbüsünə maraq artır.
"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması - Şərq Tərəfdaşlığı təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində həyata keçirilən tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün zəruri biliklərlə təmin etməkdir: "Azərbaycandan marağın artdığını müşahidə edirik. Bizim rolumuz bələdiyyələrin təşəbbüsə qoşulub-qoşulmamaq və bunu hansı şəkildə etmək barədə qərar vermələri üçün aydın məlumat, praktiki alətlər və real nümunələr təqdim etməkdir".
K.Frerinq vurğulayıb ki, lakin qlobal olaraq iqlim sahəsində hədəflər Aİ strategiyasına uyğun olaraq 2030-cu ilə qədər emissiyaların 55 %-ə qədər azaldılmasına çatdırılıb: "2025-ci ildə biz həmçinin Aİ strategiyasına uyğun olaraq iqlim neytrallığı məqsədlərini qəbul etdik. Aİ üçün bu hədəf 2050-ci ilə qədər 80-95 % azalmadır. Bu, çox iddialıdır. Amma biz dedik ki, 2050-ci ilə qədər 60 % azalmaya nail olmağı hədəfləyirik. Beləliklə, 2050-ci il çatana qədər birlikdə işləmək üçün hələ çox vaxtımız var".