KİV: ABŞ-ın Venesuelaya qarşı sanksiyalarının təsiri yumşaldıla bilər

Energetika
  • 30 yanvar, 2019
  • 11:40
KİV: ABŞ-ın Venesuelaya qarşı sanksiyalarının təsiri yumşaldıla bilər

Bakı. 30 yanvar. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduronun Administrasiyası ölkənin neft sektoruna qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyaların təsirini minimuma endirə bilər.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, belə bir qənaətə enerji sektorundakı ekspertlər gəliblər.

“Sanksiyalar Maduro hökumətinin nəzarətindəki maliyyə axınlarına hər nə qədər ciddi zərbə endirəcəksə də, onların təsiri ABŞ-ın umduğu qədər ağır olmayacaq”, - deyən Norveçin “Rystad Energy” məsləhətçi şirkətinin eksperti Paola Rodriques-Masiu Venesuelanın hazırda ABŞ-a ixrac etdiyi neftin başqa ölkələrə yönəldilərək bir qədər ucuz qiymətə satıla biləcəyini qeyd edib.

Qəzetin yazdığına görə, hazırda Hindistana gündəlik 300 min barel, Çinə isə 240 min barel neft tədarük edən Venesuela həmçinin Avropa və Cənub-Şərqi Asiyanın bəzi ölkələrinə də neft ixrac edir.

Xatırladaq ki, ötən gün ABŞ Maliyyə Nazirliyi Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiklərini, eyni zamanda Maduro hakimiyyətinin girişdən məhrum olduğu xüsusi hesablara vəsaiti köçürəcəkləri şərtilə ABŞ şirkətlərinin PDVSA ilə ticarətə davam edə biləcəklərini açıqlamışdı.

44 - Tezliklə