Kanada şirkəti Kolumbiya və Ekvadordan çıxdıqdan sonra diqqətini Azərbaycana yönəldir
- 06 oktyabr, 2026
- 14:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadanın "Gran Tierra Energy Inc." şirkəti Kolumbiya və Ekvadordakı aktivlərinin satışı prosesi başa çatdıqdan sonra əməliyyat fəaliyyətini Azərbaycan və Kanada üzərində cəmləşdirmək niyyətindədir.
"Report" bu barədə "Gran Tierra Energy"yə istinadən xəbər verir.
"Hazırda "Gran Tierra" Kanada, Kolumbiya və Ekvadorda əməliyyatlar həyata keçirir. Bununla belə, Kolumbiya və Ekvadordakı biznesin satışı üzrə daha əvvəl elan edilmiş sövdələşmə bağlandıqdan sonra şirkətin əsas fəaliyyət regionları Azərbaycan və Kanada olacaq. "Gran Tierra" aktivlər portfelini əlavə olaraq gücləndirə biləcək inkişaf üçün perspektivli imkanları bundan sonra da axtarmaq niyyətindədir", - "Gran Tierra Energy"nin bəyanatında bildirilib.
Şirkət xatırladıb ki, Azərbaycan parlamenti "Gran Tierra" ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Quba-Xaçmaz quru bloku üzrə imzalanmış kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişi artıq ratifikasiya edib. Bu saziş tərəflər arasında 18 fevral 2026-cı ildə bağlanıb. "Gran Tierra" layihənin operatorudur və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində 65 %-lik paya malikdir.
"Gran Tierra"nın prezidenti və baş icraçı direktoru Qeri Qvidrinin sözlərinə görə, sazişin ratifikasiyası parlamentin payız sessiyasının ilk plenar iclasında baş tutub. Hazırlıq işləri gedişində müqavilə sahəsində "Gran Tierra" rəqəmsal tam tenzorlu tenzometrik qradiyentometriya (dFTG) metodundan istifadə etməklə aeroqravikəşfiyyat çəkilişini artıq həyata keçirib. Şirkətin mütəxəssisləri ümumi uzunluğu 5,78 min poqon kilometr olan 102 profil üzrə uçuşlar həyata keçirərək 4,82 min kv.km sahəsi olan ərazini əhatə ediblər.
"dFTG çəkilişinin nəticələri potensial olaraq karbohidrogen yataqlarına malik ola biləcək çöküntü hövzələrinin və qırılmalarla bağlı olan strukturların həndəsəsinin müəyyən edilməsi üçün tətbiq olunacaq. Əldə edilən məlumatlar qarşıdan gələn seysmik kəşfiyyat və axtarış-qiymətləndirmə quyularının qazılması üçün sahələrin optimal seçilməsi məqsədilə mövcud seysmik materiallar və geoloji kəşfiyyat işlərinin nəticələri ilə birləşdiriləcək", - məlumatda qeyd olunub.