Kanada şirkəti Azərbaycanda kəmərlərə xidmət üzrə biznesini satıb
- 16 avqust, 2023
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə boruların tikintisini və izolyasiyasını həyata keçirən Kanadanın “ShawCor Ltd” şirkəti Azərbaycandakı törəmə müəssisəsindəki payını satıb.
“Report” bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
Bununla yanaşı satış paketinə Kanada, ABŞ, Meksika, Norveç, BƏƏ və İndoneziyadakı əməliyyatları, həmçinin bir neçə mobil beton üzlük zavodu, Toronto və Norveçdəki tədqiqat və inkişaf əməliyyatları, həmçinin əqli mülkiyyət daxildir.
Beləliklə “ShawCor” boru örtükləri bölməsinin əhəmiyyətli bir hissəsini İtaliyanın “Tenaris S.A” şirkətinə 220 milyon ABŞ dolları məbləğinə satışı üzrə saziş imzalayıb.
Bu sövdələşməyə “ShawCor” şirkətinin Malayziya, İtaliya, Böyük Britaniya və Braziliyadakı biznes əməliyyatları daxil deyil, lakin onları satmaq öhdəliyinə sadiq qaldığı bildirilir.
Satış əməliyyatının tənzimləyici orqanlarının razılığı da daxil olmaqla, 6 aya yekunlaşdırılması gözlənilir.
Xatırladaq ki, “ShawCor Ltd” şirkəti neft və qaz bazarlarında boru kəməri sektorunda fəaliyyət göstərir. O, 2014-cü ildə Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium ilə 226 milyon ABŞ dolları dəyərində iki müqavilə imzalayıb. "ShawCor Nederland B.V." (Bredero) ilə bağlanmış müqavilələrə sualtı ixrac boru kəmərlərinin betonlanması və korroziyaya qarşı üzlənməsi, həmçinin "Caspian Pipe Coatings" (CPC) boru izolyasiya müəssisəsinin təkmilləşdirilməsi daxil idi.