İyunda SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Energetika
  • 29 avqust, 2024
  • 05:54
İyunda SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 318 min 865 tondan artıq dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin iyun ayı ilə müqayisədə 242 min 354 tona yaxın və ya 43,2 % azdır.

Ümumilikdə, 2024-cü ilin iyun ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 260 min 159 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 39 min 689 ton və ya 3,06 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.