İyunda Azərbaycan Türkiyəyə qaz nəqlini 40 % artırıb
- 01 sentyabr, 2022
- 06:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Azərbaycan Türkiyəyə 729,44 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 39,59 % çoxdur.
Bununla da iyun ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 19,02 %- Azərbaycanın payına düşüb.
2022-ci ilin yanvar-iyun aylarında isə Türkiyə Azərbaycandan 4 milyard 450,41 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin ilk yarım ilinin göstəriciləri ilə müqayisədə 8,8 % azdır.
Ümumilikdə isə bu ilin iyun ayında Türkiyə ümumilikdə 3 milyard 836,03 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 5,64 % azdır.
İyunda Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 1 milyard 689,7 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin iyun ayı ilə müqayisədə 29,52 % azdır.
İyunda ikinci yerdə İran qərarlaşıb. Bu ölkə iyunda Türkiyəyə 855,05 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin iyun ayı ilə müqayisədə 1,38 % azdır.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.