İyulda STAR neft emalı zavodu xam neft idxalını 18 %-ə yaxın azaldıb
- 30 sentyabr, 2024
- 15:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 686 min 462 tona yaxın xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 16,99 %-i deməkdir.
STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni ayı ilə müqayisədə 148 min 973 ton və ya 17,84 % az olub.
Bu ilin iyul ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 615 min 090 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki ayın göstərici ilə müqayisədə 197 min 988 ton və ya 8,2 % çoxdur.
Xatırladaq ki, STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.