İtaliyanın tədarük etdiyi neftin 13,8 %-i Azərbaycanın payına düşüb
- 29 noyabr, 2024
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında İtaliya Azərbaycandan 6 milyon 948,224 min ton neft idxal edib.
“Report” bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
Bu ilin 9 ayında Azərbaycandan 3 milyon 553,483 min ton “Azeri Blend” (29,2 % çox) və 3 milyon 394,741 min ton “Azeri Light” markalı neft (1,74 dəfə az) tədarük edilib.
Bu dövrdə İtaliya “Azeri Blend” markalı neftin bir barelini 88,21 ABŞ dollarına (2023-cü ilin yanvar-sentyabr aylarında 86,6 ABŞ dolları/barel), “Azeri Light” markalı neftin bir barelini isə 88,42 ABŞ dollarına (88,12 ABŞ dolları) alıb.
Sentyabr ayında İtaliya Azərbaycandan 603,319 min ton (2,2 dəfə az) neft idxal edib, o cümlədən 347,595 min ton “Azeri Blend” markalı neft (18,4 % az) və 255,524 min ton “Azeri Light” markalı neft (3,4 dəfə az) tədarük edilib.
Sentyabrda İtaliya “Azeri Blend” markalı neftin bir barelini 78,92 ABŞ dollarına (2023-cü ilin sentyabrında 95,09 ABŞ dolları), “Azeri Light” markalı neftin bir barelini 81,51 ABŞ dollarına (99,1 ABŞ dolları) alıb.
Ümumilikdə, sentyabr ayında İtaliya 4 milyon 679,223 min ton neft (26,8 % az) idxal edib, tədarükün 13,8 %-i Azərbaycan neftinin payına düşüb.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə İtaliyaya ən böyük neft ixracatçısı olub və təxminən 11,3 milyon ton neft tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur. Ötən il İtaliya “Azeri Light” markalı neftin idxalını 2022-ci illə müqayisədə 17,8 % - 7,3 milyon tona, “Azeri Blend” markalı neftin idxalını isə 41,2 % - 4 milyon tona qədər artırıb.