İtaliya TAP vasitəsilə Azərbaycandan 1,7 milyard kubmetrdən çox qaz alıb
- 26 aprel, 2024
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya təbii qaz tədarükü 1 milyard 713 milyon kubmetr təşkil edib.
Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat verib.
“İki ayda TAP vasitəsilə İtaliyaya 1 milyard 713 milyon kubmetr təbii qaz tədarük olunub. Bu göstərici ötən ilin yanvar-fevral aylarında 1 milyard 553 milyon kubmetr təşkil edib. Belə ki, cari ilin hesabat dövründə tədarükün həcmi 10,3 % artıb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, fevralda Azərbaycan “mavi yanacağı”nın İtaliyaya tədarükü 835 milyon kubmetr təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.
Nazirliyin məlumatına əsasən, 2023-cü ildə İtaliya Azərbaycandan TAP vasitəsilə 9 milyard 988 milyon kubmetr təbii qaz alıb (2022-ci illə müqayisədə 3,2 % az).
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya təbii qaz ixracına başlayıb.