İtaliya TAP layihəsi vasitəsilə Rusiya qazının boşluğunu doldura bilər
- 17 mart, 2022
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rusiya qazını başqa enerji mənbələri ilə tam əvəz etmək üçün İtaliyaya azı 3 il vaxt lazım olacaq".
“Report” İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ekoloji modernizasiya və transformasiya naziri Roberto Çinqolani bildirib.
İtaliya hər il Rusiyadan 30 milyard kubmetrədən qaz idxal edir ki, bu da ümumi idxal olunan qaz həcminin, təxminən, 40%-ni təşkil edir. Rəsmi Roma Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, enerji daşıyıcılarının tədarükünü şaxələndirməyə çalışır.
O yuxarı palatanın Senatında çıxışı zamanı bildirib ki, Rusiya qazının tamamilə əvəz edilməsi üçün azı 3 il vaxt lazımdır: "Əlcəzairdə qaz ixracının artırılması, habelə kömür və neft əsasında elektrik enerjisi istehsalının artırılması ilə yaxın və orta perspektivdə illik 20 milyard kubmetri əvəz etmək mümkündür. Digər tədbirlər sırasına Şimali Avropada elektrik enerjisi idxalının artırılması, həmçinin, sıxılmış təbii qazdan (SNG) istifadəni, təxminən, 6 milyard kubmetrədək artırmaqdır. Lakin İtaliyada icazələrin verilməsi prosesinin çətinliyi səbəbindən ölkədə SNG obyektlərinin tikintisi demək olar ki, dayandırılıb. Ölkədə hazırda fəaliyyət göstərən 3 zavod gündəlik idxalın yalnız 20%-ni istehsal etmək gücündədir".
Nazirin sözlərinə görə, bu boşluğun aradan qaldırılmasına yönəlmiş uzunmüddətli tədbirlərə Azərbaycan qazınını nəql olunduğu Trans-Adriatik Qaz Kəmərinin (TAP) buraxılış qabiliyyətinin ikiqat artırılması, illik 8 qiqavat həcmində bərpa olunan enerji istehsal edən yeni istehsal obyektlərinin yaradılması və daxili qaz istehsalının iki qat artırılması da daxildir: "Digər Avropa İttifaqı (Aİ) ölkələri kimi, İtaliya da enerji qiymətlərinin artımının qarşısını almağa çalışır. Hökumət istehlakçıların və şirkətlərin vəziyyətdən çıxması üçün yeni paket təsdiq etmək niyyətindədir".
Xatırladaq ki, ötən il avropalı istehlakçılar TAP üzərindən 8,1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı ilə təchiz edilib. 2022-ci il üçün 9 milyard kubmetrdən çox qazın Avropaya ixracı proqnozlaşdırılır.
TAP ilə ən çox təbii qaz İtaliya bazarına nəql olunub. Ötən il İtaliyaya 6,9 milyard kubmetr qaz tədarük edilib. 2022-ci ildə isə bu ölkəyə 7,4 milyard kubmetr Azərbaycan qazının ixracı proqnozlaşdırılır.
Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.