İtaliya I yarımildə Azərbaycandan 5,1 milyard kubmetrdən çox təbii qaz alıb
- 20 avqust, 2024
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya təbii qaz tədarükü 5 milyard 170 milyon kubmetr təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur və ölkənin ümumi "mavi yanacaq" idxalının 16,6 %-i qədərdir. Ümumilikdə, yanvar-iyun aylarında İtaliya 31 milyard 072 milyon kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.
Təkcə iyunda isə Azərbaycan qazının İtaliyaya tədarükü 867 milyon kubmetr təşkil edib, bu isə ötən ilin iyuna nisbətən 10,6 % çoxdur.
İyunda İtaliyaya ümumi təbii qaz idxalı 3 milyard 441 milyon (illik müqayisədə 5,7 % az) təşkil edib. Azərbaycandan tədarük edilən qazın payı 25,2 % təşkil edib.
Nazirliyin məlumatına görə, 2023-cü ildə İtaliya Azərbaycandan TAP vasitəsilə 9 milyard 988 milyon kubmetr qaz (2022-ci illə müqayisədə 3,2 % az) tədarük edib.
Azərbaycan 2022-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.