İtaliya Azərbaycandan neft idxalını 11 %-dən çox artırıb

Energetika
  • 30 aprel, 2024
  • 13:19
İtaliya Azərbaycandan neft idxalını 11 %-dən çox artırıb

İtaliya bu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 milyon 349,831 min ton neft idxal edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,5 % çoxdur.

“Report” bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycandan 511,828 min ton həcmində “Azeri Light” markalı neft və 838,003 min ton həcmində isə “Azeri Blend” nefti tədarük edilib.

Fevralda İtaliya 903,509 min ton Azərbaycan nefti idxal edib: “Azeri Light - 341,299 min ton (23,3 % az), “Azeri Blend” - 562,210 min ton (6,2 dəfə çox)

Fevral ayında İtaliya ümumilikdə 4 milyon 542,695 min ton neft idxal edib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,93 % azdır.

Bu ay İtaliyanın əsas neft tədarükçülərinə Liviya (956,678 min ton), Azərbaycan (903,509 min ton), Qazaxıstan (884,457 min ton), ABŞ (428,340 min ton), Nigeriya (270,076 min ton) daxildir.

2024-cü ilin fevralında “Azeri Light” markalı neftin 1 bareli İtaliya tərəfindən 91,33 ABŞ dollarına (2023-cü ilin fevralında 88,30 ABŞ dolları), “Azeri Blend”in 1 bareli isə 89,89 ABŞ dollarına (bir il öncə 92,53 ABŞ dolları) alınıb.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə İtaliyaya ən çox neft ixrac edən ölkə olub. Ötən il Azərbaycan bu ölkəyə təxminən 11,3 milyon ton neft tədarük edib. Bu da 2022-ci illə müqayisədə 25 % çoxdur.