İtaliya Azərbaycandan “Azeri Blend” markalı neftin idxalını 34 %-dən çox artırıb
- 26 dekabr, 2024
- 07:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında İtaliya Azərbaycandan 7 milyon 757,398 min ton neft idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 19,3 % azdır.
Bu barədə “Report” İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə istinadən xəbər verir.
10 ayda Azərbaycandan 4 milyon 7,669 min ton “Azeri Blend” (artım 34,2 %) və 3 milyon 749,729 min ton “Azeri Light” markalı neft (azalma 1,8 dəfə) tədarük edilib.
Hesabat dövründə İtaliya “Azeri Blend” markalı neftin bir barelini 87,33 ABŞ dollarına (bir il öncə bu göstərici 87,03 ABŞ dolları olub), “Azeri Light” markalı neftin bir barelini isə 88 ABŞ dollarına (89,22 ABŞ dolları) alıb.
Ümumilikdə 10 ay ərzində İtaliya 45 milyon 700,389 min ton neft (azalma 10,5 %) idxal edib. Beləliklə, tədarükün 17 %-i Azərbaycanın payına düşüb.
Azərbaycan 2023-cü ildə İtaliyaya ən böyük neft ixracatçısı olmaqla bu ölkəyə təxminən 11,3 milyon ton neft tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 25 % çoxdur. İtaliya ötən il “Azeri Light” markalı neftin idxalını 17,8 % artıraraq 7,3 milyon tona, “Azeri Blend” markalı neftin idxalını isə 41,2 % artıraraq 4 milyon tona çatdırıb.