İtaliya Azərbaycan neftinin 38 %-dən çoxunu almaqla liderliyini qoruyur

Energetika
  • 16 avqust, 2024
  • 13:35
İtaliya Azərbaycan neftinin 38 %-dən çoxunu almaqla liderliyini qoruyur

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 5 milyon 671 min 605,25 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 600 milyon 300,61 min ABŞ dolları təşkil edib.

Bu dövrdə Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 6,18 %, dəyəri isə 4,62 % azdır.

Ötən müddət ərzində Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 38,6 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.