İtaliya 5 ayda TAP vasitəsilə Azərbaycandan 4,3 milyard kubmetr qaz alıb
- 29 iyul, 2024
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycandan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 4 milyard 303 milyon kubmetr təbii qaz tədarük edilib.
Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
“Bu, 2023-cü ilin eyni dövründə qeydə alınmış 4 milyard 117 milyon kubmetr göstəricidən 4,5 % çoxdur”, - nazirlikdən bildirilib.
Ümumilikdə, bu ilin 5 ayında İtaliya 27 milyard 631 milyon kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 % azdır. Azərbaycanın İtaliyanın ümumi qaz idxalında payı 15,6 % təşkil edib.
May ayında İtaliyaya 890 milyon kubmetr Azərbaycan qazı tədarük edilib, bu isə bir il öncəki göstərici ilə müqayisədə 10,4 % çoxdur.
Mayda İtaliyaya təbii qaz idxalının ümumi həcmi 3 milyard 554 milyon kubmetr (azalma 6,9 %), Azərbaycan qazının payı 25 % olub.
Nazirliyin məlumatına görə, 2023-cü ildə İtaliya Azərbaycandan TAP vasitəsilə 9 milyard 988 milyon kubmetr qaz alıb (2022-ci illə müqayisədə 3,2 % az).
Azərbaycan Avropaya qaz ixracına 2022-ci il dekabrın 31-dən başlayıb.