İsrail sularındakı I Zonada qaz kəşfiyyatı üzrə tərəfdaşlığın detalları açıqlanıb

Energetika
  • 19 mart, 2025
  • 16:55
İsrail sularındakı I Zonada qaz kəşfiyyatı üzrə tərəfdaşlığın detalları açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsrailin “NewMed Energy” və Böyük Britaniyanın “BP PLc” şirkətləri ilə birgə yaratdığı konsorsiumda payı 33,34 % təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə “NewMed Energy” bu gün “LinkedIn” sosial şəbəkəsində məlumat verib.

"Bu həftənin əvvəlində BP və SOCAR ilə birlikdə İsrail sularındakı I Zonada təbii qaz kəşfiyyatı üçün rəsmi lisenziya aldıq. Tərəfdaşlıq strukturu belədir: SOCAR – 33,34 % (operator), BP – 33,33 %, “NewMed Energy” – 33,33 %", - məlumatda qeyd olunub.

Şirkət xatırladıb ki, İsrailin Energetika Nazirliyinin konsorsiuma verdiyi lisenziya altı kəşfiyyat blokunu əhatə edir.

"İsraildə qaz kəşfiyyatının pionerləri olaraq, yeni lisenziya ilə fəaliyyətimizi genişləndirməkdən qürur duyuruq. İsrailin enerji təhlükəsizliyi davamlı tədqiqatlar, yeni kəşflər və aparıcı beynəlxalq oyunçuların İsrailin təbii qaz bazarına daxil olmasından asılıdır", - məlumatda bildirilib.

Öz növbəsində, “NewMed Energy” şirkətinin baş meneceri Yossi Abu sosial şəbəkə hesabında yazıb ki, ilk dəfə olaraq müsəlman ölkəsinin milli neft şirkəti – Azərbaycan Dövlət Neft Şirkəti İsrailin enerji sektoruna qoşulub.

"BP və “NewMed” ilə birlikdə bu tərəfdaşlıq böyük iqtisadi, siyasi və strateji əhəmiyyətə malikdir. Ölkələr arasında möhkəm münasibətlər çox vaxt strateji və qarşılıqlı faydalı tərəfdaşlıq üzərində qurulur. Uzunmüddətli münasibətlər hər iki tərəf üçün əhəmiyyət kəsb edən əlaqələrdir. Biz bunu son illərdə müşahidə edirik və təbii qaz sahəsində tərəfdaşlığın inkişafına gəlincə, biz onu təşviq etməyə və gücləndirməyə davam edəcəyik", - o qeyd edib.

Bu, SOCAR və BP-nin İsrailin qaz sektoruna ilk çıxışı olacaq.

Qeyd edək ki, SOCAR, “NewMed Energy” və BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında yerləşən “I-6” Zonasında kəşfiyyat işləri aparmaq üçün elan etdiyi lisenziya tenderinin qalibi olub. Lisenziyaların təqdim edilməsi mərasimi 2025-ci il martın 17-də keçirilib.

44 filmi