IRENA 2030-cu ilə qədər BOEM güclərini 3 dəfə artırmağa çağırıb

Energetika
  • 07 sentyabr, 2026
  • 11:36
IRENA 2030-cu ilə qədər BOEM güclərini 3 dəfə artırmağa çağırıb

Beynəlxalq ictimaiyyət 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri (BEOM) güclərinin 3 dəfə artmasını təmin etməlidir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə BEOM güclərinin istifadəyə verilməsi üzrə mütləq rekord – 692 giqavat müəyyən edilib:

"İlin sonuna dünya üzrə elektrik stansiyalarının ümumi quraşdırılmış gücünün 49 %-i bərpa olunan enerji mənbələrinin payına düşüb, eyni zamanda BOEM yeni istifadəyə verilmiş generasiya güclərinin 85 %-ni təşkil edib. Belə sürətli genişlənmə artıq nəzərəçarpacaq praktiki nəticələr verir".

IRENA-nın son analitik məlumatlarına görə, mövcud bərpa olunan enerji gücləri hər il qalıq yanacaqlarına çəkilən 480 milyard ABŞ dolları məbləğində xərclərin qarşısını almağa və təkcə 2025-ci ildə 8,4 giqaton karbon qazı emissiyasından yayınmağa kömək edib.

F.La Kamera bildirib ki, bu rəqəmlər BEOM-in təkcə yeni generasiyanın ən səmərəli mənbəyi deyil, həm də enerji təhlükəsizliyinin, iqtisadi sabitliyin və dayanıqlı inkişafın fundamental elementi kimi rolunu təsdiqləyir:

"Hərəkət vektoru birmənalı şəkildə müəyyən edilib. Müxtəlif regionların fərqli şərtlərlə üzləşməsinə baxmayaraq, bizim ümumi prioritet vəzifələrimizə 2030-cu ilə qədər BOEM güclərini 3 dəfə artırmaq, enerji səmərəliliyinin artım templərini iki dəfə çoxaltmaq, həmçinin elektrik şəbəkələrinə, batareya saxlanc sistemlərinə və dayanıqlı yanacaq növlərinə investisiyaları sürətləndirmək daxildir".

44 - Tezliklə