İrandan Türkiyəyə qaz idxalı dayandığı üçün Azərbaycan bu ölkəyə tədarükünü artırır
- 26 yanvar, 2022
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Türkiyənin Enerji Bazarları Tənzimləmə Qurumundan spot boru kəməri ilə təbii qaz idxal etmək hüququ qazanan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Enerji Ticaret AŞ” şirkəti fevral ayında Ardahan şəhərində yerləşən “Türkgözü” giriş məntəqəsindən gündəlik olaraq 4 milyon kubmetr qaz gətirəcək.
“Report”un "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, “Türkgözü” giriş məntəqəsindən Azərbaycandan Türkiyəyə gündə təxminən 7 milyon kubmetr qaz nəql edilə bilər.
Azərbaycandan qaz tədarükünün artımı İranın texniki nasazlıqlar səbəbindən yanvarın 20-dən etibarən Türkiyəyə qaz idxalını dayandırması və hava şəraiti ilə əlaqədar mənzillərdə istehlakın rekord həddə çatması səbəbindən artan tələbatı ödəmək üçün sənaye və təbii qaz elektrik stansiyalarının fəaliyyətinə məhdudiyyətin qoyulduğu ilə bağlıdır.
Türkiyə hazırda "Türk axını" kəməri ilə gündəlik olaraq 44 milyon kubmetr, "Mavi axın" boru xətti ilə isə 47 milyon kubmetr qaz idxal edir.
Digər tərəfdən, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə tam gücü ilə gündəlik 17,3 milyon kubmetr qaz təmin edilir.
Egegaz Əliağa Maye Qaz Terminalından (LNG) gündəlik 38 milyon kubmetr, Mərmərə Ereğlisi LNG Terminalından gündəlik 35 milyon, “Ərtoğrul Qazi” FSRU obyektindən gündəlik 20 milyon və Aktif Liman FSRU obyektindən gündə 25 milyon kubmetr qaz ümumi sistemə verilə bilir.
“Tuz Gölü” Yeraltı Təbii Qaz Anbarı hazırda gündəlik 30 milyon kubmetr, Silivri Yeraltı Təbii Qaz Anbarı isə şəbəkəyə gündəlik 15 milyon kubmetr qaz ötürür.
Beləliklə, ümumilikdə Türkiyənin gündəlik orta hesabla 270 milyon kubmetrdən çox təbii qaz qəbul etmək gücü var.
Digər tərəfdən, yanvarın 31-də İrandan qaz nəqlinin bərpası ilə bu həcm daha da artacaq. Sözügedən xətt tam gücü ilə işləsə, sutkalıq nəqletmə gücü 28 milyon kubmetrə çata bilər.
Xatırladaq ki, 2001-ci ildə imzalanmış müqaviləyə əsasən, Türkiyənin Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum qaz kəməri) ilə nəql edilən Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ildə 6,6 milyard kubmetr qaz idxal edilib. Bu müqavilənin müddəti ötən ilin aprel ayında başa çatıb. Ötən il Azərbaycan və Türkiyə “Şahdəniz-1" üzrə qaz müqaviləsini yeniləyib və bu müqavilə üzrə 2024-cü ilin sonunadək Türkiyəyə ümumilikdə, 10 milyard kubmetrdən çox təbii qaz ixrac ediləcək.
Azərbaycan qazı Türkiyəyə iki boru kəməri - Cənubi Qafqaz Boru Kəməri və TANAP ilə tədarük edilir.