İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsinin vaxtı məlum olub
- 12 mart, 2022
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi (sinxronlaşdırılması) ilə bağlı işlərin yarısı tamamlanıb. May ayından etibarən bu şəbəkə işə salınacaq.
“Report” İran mətbuata istinadən xəbər verir ki, bunu İranın energetika nazirinin beynəlxalq əlaqələr üzrə müşaviri Məhəmmədəli Ferahnakiyan deyib.
"İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin əlaqələndirilməsi elektrik enerjisi istehsalının etibarlılığını və dayanıqlığını, hər üç ölkədə elektrik enerjisi istehsal etmək imkanlarını artıracaq", - M. Ferahnakiyan vurğulayıb.
O bildirib ki, İran Prezidenti İbrahim Rəisinin Qətərə son səfəri zamanı İran, Rusiya və Azərbaycanın energetika nazirləri arasında keçirilən toplantı hər üç ölkə üçün böyük əhəmiyyət kəsb edən tarixi görüş olub:
“Hər üç ölkə elektrik şəbəkələrini birləşdirməyə çalışır və bu toplantı praktiki fəaliyyət üçün zəmin yaradıb. İran və Rusiya regionun ən böyük elektrik gücüdür və regionun 3 ölkəsinin elektrik şəbəkələrini sinxronlaşdırılması bu gücün əhatə dairəsini genişləndirəcək və region bundan faydalanacaq”.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayında ilk dəfə İran İraqın milli elektrik şəbəkəsi ilə enerji şəbəkəsini sinxronizasiya edib.