İonnis Maris: "TAP qazla qarışıq hidrogenin daşımalarına imkan verəcək aktivi inkişaf etdirir"
- 02 noyabr, 2023
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) məqsədi təbii qaz ilə qarışıq şəklində hidrogenin daşımalarına imkan verəcək aktivi inkişaf etdirməkdir.
“Report”un məlumatına görə, bunu TAP-ın Yunanıstan üzrə nümayəndəsi İonnis Maris bildirib.
TAP rəsmisi qeyd edib ki, boru kəməri hidrogen konsentrasiyalarının tətricən artırılmasını təklif edir.
O bildirib ki, TAP nəinki qitəyə keçid yanacağı gətirməklə Avropanın məqsədlərinə töhfə verir, həm də dekarbonizasiya yoluna qədəm qoyur.
Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu ilin yanvarın 31-dək boru kəməri vasitəsilə 22,4 milyard kubmetr qaz nəql edilib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya isə 11,4 milyard kubmetr qaz (+39 %) ixrac olunub.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır ki, bunun da 12 milyard kubmetri Avropaya nəql olunacaq.
Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.