IMF Azərbaycanda 2024-2025-ci illər üçün təbii qaz hasilatı və ixracı ilə bağlı proqnozlarını açıqlayıb

Energetika
  • 31 oktyabr, 2024
  • 12:25
IMF Azərbaycanda 2024-2025-ci illər üçün təbii qaz hasilatı və ixracı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanda gündəlik təbii qaz hasilatının 900 min neft ekvivalenti səviyyəsində olacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə IMF-in "Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında qeyd olunur.

Fond 2025-ci il üçün proqnoz göstəricisini eyni saxlayıb. 2023-cü ildə də orta gündəlik təbii qaz hasilatı 900 min neft ekvivalenti səviyyəsində olsa da, 2020-2022-ci illərdə bu göstərici 100 min neft ekvivalenti və ya 12,5 % az olub.

IMF-in hesabatına əsasən, 2024-cü və 2025-ci illərdə Azərbaycanda gündəlik təbii qaz ixracı 400 min neft ekvivalenti səviyyəsində gözlənilir. 2021-2023-cü illərdə də eyni göstərici olub. 2020-ci ildə isə bu göstərici 200 min neft ekvivalenti və ya 2 dəfə az olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 milyard 117,9 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 28 milyard 255,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,4 %, əmtəəlik qaz hasilatı isə 5,2 % artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18 milyard 731 milyon 065,99 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 6 milyard 075 milyon 295,99 min ABŞ dolları təşkil edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin 9 ayı ilə müqayisədə 8,3 %, dəyəri isə 46,8 % azdır. Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,6 % olub.

44 filmi