IMF 2024-2025-ci illər üçün gündəlik xam neft hasilatının və ixracın proqnozunu açıqlayıb

Energetika
  • 31 oktyabr, 2024
  • 12:09
IMF 2024-2025-ci illər üçün gündəlik xam neft hasilatının və ixracın proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü ildə Azərbaycanda gündəlik xam neft hasilatının 600 min barel səviyyəsində olacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə IMF-in "Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında qeyd olunur.

Hesabata əsasən, 2025-ci il üçün də proqnoz göstəricisi eynidir. Ötən il gündəlik xam neft hasilatı bu səviyyədə olub. Bu isə, 2020-2022-ci illərlə müqayisədə 100 min barel və ya 14,3 % azdır.

IMF-in hesabatına əsasən, 2024-cü və 2025-c illərdə Azərbaycanda gündəlik xam neft ixracının 500 min barel olacağı proqnozlaşdırılır. Bu, 2022-2023-cü illə müqayisədə eynidir. 2021-ci ilə nisbətən isə 100 min barel və ya 16,7 % azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 21 milyon 668,8 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 21 milyon 623,2 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 4,1 %, əmtəəlik neftin həcmləri isə 4 % azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə isə bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. İxrac edilən xam neftin dəyəri 11 milyard 8 milyon 329,94 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,4 %, dəyəri isə 9,2 % azdır. Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 55,44 % olub.

44 filmi