İki Orta Asiya ölkəsi Azərbaycandan aviasiya yanacağı alışını bərpa edib

Energetika
  • 22 sentyabr, 2022
  • 05:56
İki Orta Asiya ölkəsi Azərbaycandan aviasiya yanacağı alışını bərpa edib

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 42,793 milyon ABŞ dolları dəyərində 44 min 645 ton aviasiya yanacağı göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,4 dəfə, kəmiyyət olaraq – 75,1 % çoxdur.

Hesabat dövründə Lüksemburqa 24,058 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,9 dəfə artıb) 26 min 354 ton (+80,1 %), Türkiyəyə 4,841 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 4 min 593 ton (+4,2 dəfə), Rusiyaya 4,25 milyon ABŞ dolları dəyərində (+13,4 dəfə) 3 min 957 ton (+9,5 dəfə), Gürcüstana 2,045 milyon ABŞ dolları dəyərində (-46 %) 2 min 599 ton (-63 %), Birləşmiş Ərəb Əmirliklərinə 1,475 milyon ABŞ dolları dəyərində (+33,5 dəfə) 1 min 444 ton (+25 dəfə) məhsul satılıb.

Üç il 3 ayın tamamında Qırğızıstana, 1 il 3 aylıq fasilədən sonra Özbəkistana tədarük bərpa edilib. Həmin ölkələrə müvafiq olaraq 16,4 min ABŞ dolları dəyərində 11,99 ton və 81,5 min ABŞ dolları dəyərində 63,54 ton aviasiya yanacağı satılıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.