İki il ərzində Bakı Beynəlxalq Dəniz Limanının tutumu 2 600 TEU-ya qədər artırılacaq
- 10 sentyabr, 2025
- 11:26

Bakı Beynəlxalq Dəniz Limanının tutumu iki il ərzində 2 600 TEU-ya qədər artırılacaq.
"Report" xəbər verir ki, bunu "Alliance Multimodal LLC."nin baş icraçı direktoru Natiq Cəfərov Bakıda keçirilən "Qara-Xəzər dənizi yükdaşıma forumu: dəhlizlər, yüklər, infrastruktur" forumunda bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın həm Şərqlə, həm də Qərblə bağlantısını daha da genişləndirəcək: "Hazırda Bakı Beynəlxalq Dəniz Limanının tutumu 1 500 TEU-dur və bu göstərici iki il ərzində 2 600 TEU-ya qədər artacaq. Limanda hazırda illik 60 000 nəqliyyat vasitəsi və 100 000 vaqon emal edilə bilər".
O qeyd edib ki, Zəngəzur dəhlizi istismara verildikdən sonra onun vasitəsilə ildə əlavə 15 milyon ton yük daşına biləcək: "Azərbaycanın nəqliyyat sahəsindəki investisiyaları ölkənin Orta Dəhliz üçün təməl yaratmaq öhdəliyini göstərir. Doğrudur, son 5 ildə logistika üçün stress testi olub. COVID-19 pandemiyası konteyner "xaos"u və rekord xərclərə səbəb oldu. Süveyş kanalının bağlanması nəticəsində dünya ticarətinin 12 %-ni dayanmışdı. Ukraynada müharibə isə əsas dəmir yolu marşrutlarının bağlanmasına səbəb olub. Pandemiyadan əvvəl Çin-Avropa tarifləri 1 800 ABŞ dollarına qədər idi, sonra böhran baş verdi. Tariflər 14 000 ABŞ dollarına qədər kəskin artdı. Daha sonra tariflər sabitləşsə də, lakin yenidən 5 000 ABŞ dollarına qədər yüksəldi".
N.Cəfərov vurğulayıb ki, bu gün Orta Dəhliz artıq alternativ deyil: "O, qlobal ticarətin etibarlı marşrutuna çevrilir. Qlobal böhran dövründə Orta Dəhlizə tələbatın artır. Bu dəhliz dəniz marşrutundan daha qısa və sürətlidir, o cümlədən hökumətlər arasında əməkdaşlıqla dəstəklənir".