İğdır-Sədərək qaz kəməri layihəsi üzrə işlər dəqiqləşdirilir

Energetika
  • 13 may, 2022
  • 17:12
İğdır-Sədərək qaz kəməri layihəsi üzrə işlər dəqiqləşdirilir

İğdır (Türkiyə)-Sədərək (Azərbaycan, Naxçıvan Muxtar Respublikası) qaz kəmərinin tikintisi üzrə layihənin təsdiqi yekun mərhələyə çatıb.

SOCAR-dakı məlumatlı mənbədən “Report”a verilən məlumata görə, şirkətin mütəxəssisləri 2022-ci ildə ilkin tikinti işlərinə, daha sonra isə tikintiyə başlanılması məqsədilə qaz kəmərinin Azərbaycan hissəsinin çəkilməsi üçün yaz aylarından Muxtar Respublikada (MR) tədqiqat işləri aparır.

Xatırladaq ki, buraxılış gücü ildə 500 milyon kubmetr qaz (və ya sutkada 1,5 milyon kubmetr qaz, bir qaz-kompressor stansiyası olacaq) və uzunluğu 85 km olan İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə dair razılaşma 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyənin energetika nazirlikləri arasında əldə olunub və müvafiq Memorandumda öz əksini tapıb.

Birbaşa işlər SOCAR və BOTAŞ tərəfindən həyata keçirilir və bu qaz kəməri ölkənin qalan hissəsi ilə ümumi sərhədi olmayan, Türkiyə, İran və Ermənistanla qonşu olan MR-ın enerji təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulub.

Kəmərin 2023-cü ildə istismara veriləcəyi və Azərbaycan qazının Ərzurumdan (mövcud Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizinin Türkiyə hissəsi olan TANAP qaz kəmərlərinin ən mühüm qovşağı) Naxçıvana çatdırılmasına imkan verəcəyi gözlənilir.

Xatırladaq ki, 20-ci əsrin 70-ci illərinin sonu - 80-ci illərinin əvvəllərində MR yüksək təzyiqli Bərdə-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan magistral qaz kəməri ilə qazla təmin olunub və bu kəmər 1992-ci ilə qədər, yəni Birinci Qarabağ müharibəsinə qədər fəaliyyət göstərib.

Ağdam rayonunun işğalından sonra Ermənistan tərəfi bu qaz kəmərinin bir hissəsini söküb, digər hissəsindən isə 2000-ci illərdən etibarən Qarabağın qaz təchizatında istifadə edib.

Təcrid vəziyyətdə qalan Naxçıvan 2005-ci ilə qədər qazsız qalıb. Həmin ildə Azərbaycan və İran qaz mübadiləsi əməliyyatlarına başlayıb - Azərbaycan Astara qovşağı vasitəsilə İrana qaz verib, qarşılığında İran Culfa vasitəsilə Naxçıvanı qazla təchiz edib.

İğdır-Sədərək qaz kəmərinin yaradılması isə MR-in qaz təchizatı problemini tamamilə aradan qaldıracaq.

E.L.

44 - Tezliklə